“Torpaq Çərşənbəsi”
Oyanış, dirilmə, canlanma
Xalqımızın ən qədim və milli bayramı olan Novruza qədər dörd çərşənbə – “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi” və “Torpaq çərşənbəsi”nin hər biri xüsusi mərasimlərlə qeyd edilir. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Sonuncu çərşənbə olan Torpaq çərşənbəsi xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də adlanır və bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunur. Torpaq çərşənbəsində tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, məzar ziyarəti və s. kimi xalqımızın qədimdən bu günə kimi yaşatdığı bir çox adət-ənənələr var. İnama görə bu çərşənbə vaxtı torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da insanlara baharın gəlişindən müjdə verir. Torpaq insanlar üçün müqəddəsdir, yaradılışın maddi əsası hesab edilir. Torpağın müqəddəsliyi həm də vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır. Yazda torpağın oyanması dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq çərşənbəsindən sonra torpaq oyanır, əkinə hazır olur. Toxum səpilir, bağ-bağçalarda yeni ağac tingləri əkilir.
Kimin adına yandırılan şam ən gec sönərsə…
İlaxır çərşənbə günü müxtəlif yeməklər hazırlanır, evlər, həyət-baca təmizlənir. Ağsaqqallar, ağbirçəklər, xəstələr ziyarət edilir, qohum-əqrəbalar bir-birinə “bayram payı” aparır. Həyətlərdə tonqal qalanır. Bütün ailə üzvləri tonqalın başına toplaşır, hər kəs “ağırlığım odda yansın” deyərək, tonqalın üstündən 3 dəfə atılır. Sonra tonqalın üstünə üzərlik ataraq, il boyu evdən qada-bəlanın uzaq olmasını diləyirlər. İnama görə, ilaxır çərşənbədə qalanan tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra isə onun külünü yığıb, həyətdən uzaq bir yerə tökərlər.
İlaxır çərşənbədə evlərdə və həyətdə şam da yandırılır. Bu şamların sayı evdə yaşayan ailə üzvlərinin sayına bərabər olur. İnama görə, kimin adına yandırılan şam ən gec sönərsə, ailədə ən uzun ömürlü də o şəxs olacaq. Bəzi bölgələrdə evdə yaşayanların sayına görə, məsciddə də şam yandırılır.
İlaxır çərşənbə günü öz evində olmayan şəxs…
İlaxır çərşənbədə hər bir evdə bayram xonçası hazırlanar. Xonçanın ortasına səməni qoyular və ətrafına müxtəlif şirniyyatlar, qoğal, şəkərbura, paxlava, fındıq, qoz, iydə, innab, kişmiş, badam, şabalıd, boyanmış yumurtalar və s. düzülər. Süfrəyə yeməklərin şahı sayılan plov (bayram aşı) gətirirlər. Bayram günü hər kəs çalışar ki, öz evində olsun və ailəsi ilə birlikdə bayram süfrəsində otursun. İnanclara görə, ilaxır çərşənbə günü öz evində olmayan şəxs yeddi il ilaxır çərşənbəni evində olmaz. İlaxır çərşənbə günü nişanlı qızlara, yeni ailə qurmuş gənclərə də bayram xonçası və pay aparılır. Bayram payı müxtəlif hədiyyələr, meyvələr, şirniyyatlar və geyimlərdən ibarət olur.
Həmin gün hamı evdə xoş sözlər danışar ki…
İlaxır çərşənbə günü vəfat edən ailə üzvləri, qohum-əqrəba da yada salınır. Onların məzarları ziyarət edilir, məzar üzərinə səməni, gül-çiçək qoyulur, ruhlarına dualar oxunur. Məzar ziyarətlərindən sonra isə vəfat edənlərin adına evdə ehsan yeməyi də bişirilir. Əgər qonşuda və ya qohumlarda vəfat edən varsa, onda həmin qohum və qonşuların həyətlərinə də gedərək, tonqal qalanar. Çünki il ərzində yası düşən ev sahibləri bayrama həvəssiz hazırlaşar, çox zaman yemək hazırlamaz, tonqal qalamazlar. İlaxır çərşənbə günü uşaqlar üçün də çox əyləncəli keçər. Hava qaralandan sonra evlərə şal, qurşaq ataraq “bayram payı” alarlar. Subay qızlar “qapıpusma” adlanan qulaq falına gedərlər. Qonşuların qapısına yaxınlaşıb, evdən eşitdikləri sözləri yozaraq, gələcək həyatları haqda müxtəlif mülahizələr edər, təzə ildə onları gözləyən hadisələri əvvəlcədən bilməyə çalışarlar. Buna görə də hər kəs həmin gün hamı evdə xoş sözlər danışar ki, qapıdan qulaq asanlar naümid geri qayıtmasın.
“Dirəyim qızıl olsun” əvəzinə “ərim qızıl olsun” deyir
İnanclara görə, ilaxır çərşənbə gecəsi il təhvil olanda sular dayanar, atlar kövşək çalar, ağaclar bir anlığa başlarını yerə əyər. Həmin anı kim görüb niyyət tutsa, niyyəti hasil olar. Rəvayətə görə, bir qadın ilaxır çərşənbə gecəsi su gətirməyə gedirmiş. Birdən baxır ki, su dayanıb. Tez-tələsik niyyət edir. Amma tələsdiyindən “dirəyim qızıl olsun” əvəzinə “ərim qızıl olsun” deyir. Evə qayıdanda baxır ki, əri qızıl olub. Bu sirri hamıdan gizlədir və bir sonrakı ilaxır çərşənbəni gözləməyə başlayır. Amma bir il müddətində uşaqları saxlamaq üçün məcbur olub, ərinin çeçələ barmağını kəsir və uşaqlarının yeməyinə, geyiminə xərcləyir. Bir il tamam olur və qadın gedib suyun kənarında gözləyir. İl təhvil olub, su dayananda ərinin əvvəlki vəziyyətə qayıtması üçün niyyət edir.”
İlaxır çərşənbə inancları.
· İlaxır çərşənbədə uşağa beşik düzəldərlər.
· İlaxır çərşənbədə gün çıxmamış su üstündən hoppanarlar.
· İlaxır çərşənbədə tonqal yandırarlar.
· İlin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, ilaxır çərşənbəni yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
· İlaxır çərşənbə axşamı duzlu kökə yeyib yatır, su içmirlər. Gecə yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir.
· İlaxır çərşənbədə qorxanların başından su töküb, qorxunu alarlar.
· İlaxır çərşənbədə evdən pul, qonşuya ələk verməzlər.
· İlaxır çərşənbədə günü şamı yarımçıq söndürməzlər.
· İlaxır çərşənbədə gecəsi ürəyində niyyət tutub yatırlar. Gecə yarısı yuxudan durur və şam yandırırlar. İnama görə, şamı götürüb güzgüyə yaxınlaşan zaman insan gələcək qismətini görür.
· İlaxır çərşənbədə vəfat etmiş yaxın adamların adlarını sadalayaraq, “filankəslərin adına qazan asdım” deyib, qazana ət, düyü və s. tökərək, yemək hazırlayarlar.
·
Torpaqla bağlı atalar sözləri.
· Torpaq deyər: öldür məni, dirildim səni!
· Torpaq deyər: sən mənə tər ver, mən sənə zər verim!
· Torpağa əyilən namərdə əyilməz.
· Torpaqla əlləşən xoşbəxtliklə qarşılaşar.
· Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
· Torpaq əkinçinin zəhməti ilə zinətlənər.
· Torpağa var versən, o da sənə bar verər.
· Sular hərəkətlidir, torpaq bərəkətlidir.
· Torpağı ovuclayan-qızıl ovuclar.
· Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör.
· Torpaqla oynayan ac qalmaz.
· Torpaqdan pay olmaz.
Süfrənizin ruzi-bərəkətli, arzu-niyyətlərinizin çin olması, diləyilə, İlaxır çərşənbəniz mübarək olsun!
Mart 20 , 2018